Sudan parlamenti Xocalı soyqırımını tanıyıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Sudan parlamenti BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, həmçinin müxtəlif beynəlxalq təşkilatların sənədlərinə əsaslanaraq, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri bəşəriyyətə qarşı cinayət kimi tanıyıb.
Bundan başqa, sənəddə Xocalı sakinlərinin maddi və mənəvi təzminat hüququ dəstəklənir. XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev məlumat verib ki, sənəd Sudan parlamentinin Beynəlxalq Əlaqələr Komitəsi tərəfindən qəbul edilib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
F.İsazadə