2014-cü ilin yanvar-avqust aylarında Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə 19 mln. 570,007 min ton Azərbaycan nefti nəql edilib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 3,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“2014-cü ilin avqust ayında BTC boru kəməri ilə 2 mln. 475,365 min ton, ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) cari ilin sentyabr ayının 1-nə qədər isə 254 mln. 886,511 min ton neft nəql olunub”, - deyə SOCAR-dan məlumat verilib.
Bundan başqa, cari ilin avqust ayında BTC neft kəməri ilə 486,32 min ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
Ötən ay Ceyhan neft terminalından 2 mln. 214,981 min ton Azərbaycan nefti nəql olunub. Yanvar-avqust aylarında terminaldan 19 mln. 34,448 min ton neft nəql edilib. Ümumilikdə BTC-nin istismara verildiyi vaxtdan 252 mln. 178,362 min ton Azərbaycan nefti yola salınıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30.1%); SOCAR (25.00%); “Chevron” (8.90%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5.00%); “Itochu” (3.40%); “ConocoPhillips” (2.50%); INPEX (2.50%); “Total” (5.00%) və “ONGC” (2.36%) şirkətləridir.
N.Abbasova