Azərbaycan və Moldova uzanan münaqişələrlə bağlı eyni mövqedən çıxış edir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Bakıda moldovalı həmkarı Nataliya German ilə birgə mətbuat konfransında belə bəyan edib.
“Biz vahid mövqedən çıxış edirik, bu, ilk növbədə uzanan münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan və Dnestryanı münaqişlərə, eləcə də ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış dövlət sərhədlərinin pozulmazlığı məsələlərinə aiddir. Bu, bizim üçün prioritet məsələdir”,- deyə E.Məmmədyarov bildirib.
Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər əsasən müxtəlif iqtisadi layihələrin müzakirəsinə diqqət yönəldiblər.
“Moldova tərəfi müəyyən təkliflər irəli sürüb ki, bu da Azərbaycan tərəfindən Moldova iqtisadiyyatına geniş investisiya imkanları açır. Bura infrastruktur layihələri və energetika sahələri daxildir. Azərbaycan biznesi artıq Moldovada avtomobil yolunun tikintisində iştirak edir. Və əlbəttə, kənd təsərrüfatı və emal sahələrində əməkdaşlıq üçün imkanlar da var”,- deyə nazir bildirib.
O qeyd edib ki moldovalı nazir Azərbaycanın işgüzar dairələrinə ölkəsinin iqtisadiyyatına investisiya qoymağ təklif edir.
“Bildiyiniz kimi, Moldova Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində assosiativ saziş imzalayıb ki, bu da onun Avropa bazarına çıxışını təmin edir. Xanım German təklif edir ki, azərbaycanlı biznesmenlər Moldova iqtisadiyyatına investisiya qoyuluşu məsələsini nəzərdən keçirsinlər”,- deyə E.Məmmədyarov bildirib.
Öz növbəsində N.German qeyd edib ki, tərəflər hər zaman beynəlxalq arenada öz fəaliyyətlərini əlaqələndirirlər.
“Hesab edirəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar münasibətlər yüksək səviyyədədir. Yəni ölkələrimizin prezidentləri və baş nazirləri arasında siyasi əlaqələr çərçivəsində müntəzəm görüşlər keçirilir”,- deyə o bildirib.
Qonaq, həmçinin GUAM çərçivəsində münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.
“Burada biz iştirakçı dövlətlərin bizim hamımız üçün ümumi hesab etdikləri problemlərin həllinə daha çox diqqət ayıra bilirik. Əlbəttə, biz regional təşkilatlar səviyyəsində də eyni mövqedən çıxış edirik. Belə təşkilatlar az deyil. Moldova və Azərbaycan arasında ikitərəfli əlaqələri daha da inkişaf etdirməyin vaxtıdır”,- deyə o vurğulayıb.
“Biz burada (Bakıda İF-Az) “Şərq Tərəfdaşlığı” ölkələrinin nazirlərinin qeyri-formal görüşü çərçivəsində müəyyən tədbirlərdə iştirak edəcəyik. Hətta burada da mövqelərimizin üst-üstə düşməsi müşahidə olunur, çünki əgər siyasi planda heç bir çətinlik yoxdursa, hər iki dövlət “Şərq Tərəfdaşlığı” çərçivəsində və ya ikitərəfli əsasda qarşılıqlı faydalı, ticari-iqtisadi və investisiya münasibətlərini inkişaf etdirməyə səy göstərir”- deyə moldovalı nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək Moldova üçün vacib əhəmiyyət daşıyır.
“Biz beynəlxalq tədbirlər, konfranslar çərçivəsində tez-tez görüşürük, xüsusən BMT çərçivəsində mövqelər daima əlaqələndirilir. Və mənim həmkarımın çox doğru olaraq qeyd etdiyi kimi, biz yekdilliklə səs veririk. Çünki beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik, suveren dövlətin işlərinə müdaxilə etməmək kimi əsas prinsipləri həm Moldova, həm də Azərbaycan üçün başlıca istiqamətlərdir. Bu, gələcəkdə və hər zaman belə olacaq”,- deyə N.German qeyd edib.
“İndi Moldova üçün qardaş Azərbaycanla mal dövriyyəsinin həcmini artırmaq çox vacibdir. Çünki biz öz məhsullarımız, xüsusən də kənd təsərrüfatı mallarımız üçün yeni bazarlar axtarışındayıq”, - deyən qonaq Moldovanın kənd təsərrüfatı məhsullarının keyfiyyətinin Azərbaycanda şübhə yaratmayacağına ümid etdiyini vurğulayıb.
Y.Əliyev