“Şərq Tərəfdaşlığı” ölkələrinin energetika nazirləri IV qeyri-rəsmi görüş çərçivəsində enerji sahəsində gələcək əməkdaşlığı möhkəmləndirmək barədə razılığa gəliblər. Bu barədə energetika naziri Natiq Əliyev bəyan edib.
“Bu görüş çərçivəsində biz “Şərq Tərəfdaşlığı” ölkələrinin enerji sahəsində vəziyyətini, qarşıdan gələn qış mövsümündə üzləşə biləcəkləri problemləri və onların həlli yollarını müzakirə etdik. Görüş iştirakçıları qeyd ediblər ki, daha əvvəl Şimali Afrikada, Yaponiyada “Fukusima-1” atom elektrik stansiyasında, indi isə Rusiya-Ukrayna qarşılıqlı münasibətlərində baş verənləri nəzərə alaraq enerji sahəsindəki bugünkü vəziyyət mürəkkəbdir”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı” ölkələrinin mümkün problemlərinin həlli üçün əsas yollar enerji resurslarının nəqli marşrutlarının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təminatı məsələlərinin həllidir.
“Bugünkü görüş zamanı biz ölkələrimiz arasında mövcud əlaqələri müzakirə etdik və yeni layihələrin reallaşdırılması və siyasi dəstəyin göstərilməsinə yardımın aktivləşdirilməsi, həmçinin ikitərəfli səviyyədə və çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsinə dair qərar qəbul etdik”, - deyə N.Əliyev qeyd edib.
Avropa Birliyinin vitse-prezidenti, energetika məsələləri üzrə komissar Günter Ottinger bildirib ki, “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələr “müxtəlif potensial və prioritetlərə malikdir, ancaq birgə işləməyə hazırdırlar”.
“Azərbaycan neft hasilatı sahəsində zəngin təcrübəyə malikdir və enerji resurslarının ixracatçısı qismində çıxış edə bilər. Gürcüstan etibarlı tranzit ərazidir və hidroenergetika və enerji resurslarının saxlanması sahəsində böyük potensiala malikdir. O cümlədən Qara dəniz sahilindən mayeləşdirilmiş təbii qazın (LNG) ixracında mühüm rol oynaya bilər. Ukrayna və Belarus AB-yə qaz tədarükündə mühüm tranzit ölkələrdir”, - deyə Avropa komissarı vurğulayıb.
Onun sözlərinə görə, AB öz tərəfindən qabaqcıl texnologiyalar və infrastrukturun inkişafı məsələlərində “Şərq Tərəfdaşlığı” ölkələrinə yardım etməyə və mövcud boru kəmərlərinin modernləşdirilməsi və regional layihələrə investisiyaların aktivləşdirilməsi məsələlərində əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan isə qeyd edib ki, onun ölkəsi Azərbaycan neftinin Ukraynanın neft emalı zavodlarına tədarükündə maraqlıdır. O vurğulayıb ki, tədarükün mümkün variantları Azərbaycan tərəfi ilə müzakirə edilir.
N.Abbasova