İsrailin müdafiə naziri Moşe Yaalon çərşənbə axşamı milli radio ilə çıxış edərək dünyanın aparıcı ölkələrinin xüsusi kəşfiyyat xidmətlərini “İraq Şam İslam Dövləti” radikal qruplaşması ilə mübarizədə əməkdaşlığa çağırıb.
“Biz müəyyənləşdirdik ki, İŞİD-i dayandırmaq və ona qalib gəlmək üçün müxtəlif ölkələrin kəşfiyyat orqanları arasında əməkdaşlıq və təcrübə mübadiləsi aparılmalıdır”,- deyə nazir bildirib.
Öz növbəsində İsrail hərbi kəşfiyyatının sabiq rəhbəri Amos Yadlin İŞİD-ə qarşı mümkün beynəlxalq koalisiyanın yaradılması ilə bağlı suala cavab verərkən söyləyib ki, İsrail yəqin ki, İŞİD problemi üzrə müttəfiqləri ilə kəşfiyyat xəbərlərini bölüşəcək.
“Yaxın Şərqdə topladığımız və İranın, “Hizbullah” təşkilatının, Sina yarımadası və Qəzza zolağındakı terror təşkilatlarının təhdidlərinə aidiyyəti olan məlumatlar böyük əhəmiyyətə malikdir və biz bu xəbərləri müttəfiqlərimizlə bölüşürük”,- deyə o bildirib.
Ötən həftə ABŞ prezidenti Barak Obama İŞİD üzərində qələbə çalmaq üçün geniş koalisiya yaratmaq təklifini irəli sürüb.
İsrail isə keçən həftə İŞİD qruplaşmasını qanunla qadağan edilmiş təşkilatlar siyahısına daxil edib.