Ermənistanın öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarması bir çox məsələləri, o cümlədən erməni tərəfini maraqlandıran məsələləri həll etməyə imkan verəcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Birinci mərhələdə Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır. Əgər o, bunu edərsə, bir çox məsələlər, o cümlədən snayperlərin geri çəkilməsi ilə bağlı problem həll olunacaq”, - deyə nazir çərşənbə günü Bakıda keçirilən mətbuat konfransında bildirib.
“Əfsuslar olsun ki, regionda arzuedilməz vəziyyət formalaşır. Lakin inanıram ki, məsələ (münaqişənin nizamlanması - İF-Az) ölü nöqtədən tərpənməlidir. Biz sülh sazişinin mətni üzərində işə başlamalıyıq”, - deyə E.Məmmədyarov qeyd edib.
Onun sözlərinə görə, gələn həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti dəfə münaqişə regionuna səfər edəcəklər. Bir qədər sonra isə BMT Baş Assambleyası çərçivəsində E.Məmmədyarov onlarla, o cümlədən Ermənistan XİN başçısı ilə yeni görüş keçirəcək.
Y.Əliyev