Serbiya ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına böyük diqqət ayırmaq niyyətindədir. Bu barədə Serbiyanın baş nazirinin müavini, xarici işlər naziri İvitsa Daçiç bəyan edib.
“Serbiyanın ATƏT-də sədrliyi zamanı Qarabağ məsələsi prioritet olacaq. Əlbəttə, yeni format barədə danışmaq hələ tezdir, ancaq biz bütün tərəflərlə obyektiv işləyəcəyik. Serbiya və Azərbaycanın mövqeləri üst-üstə düşür, biz ölkələrimizin ərazi bütövlüyünü dəstəkləyirik”, - deyə nazir çərşənbə günü Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında bildirib.
Daçiç söz verib ki, 2015-ci ildə ATƏT-də sədrliyi dövründə “böhran və münaqişələrin həlli ilə ciddi şəkildə məşğul olacaq”. “Mən bir daha bu regiona səfər edərək münaqişənin (Qarabağ) həllinə nail olmaq üçün əlimdən gələni əsirgəməyəcəm”, - deyə Daçiç bəyan edib.
O, Serbiyanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı Azərbaycanın mövqeyini yüksək qiymətləndirib. “Bütün bu məsələlər dialoq və danışıqlar yolu ilə həll olunmalıdır. Sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir”, - deyə İ.Daçiç bəyan edib.
Qərbin Krım və Dağlıq Qarabağın işğalına qeyri-bərabər münasibətini şərh edən serbiyalı nazir vurğulayıb ki, “Serbiya özü ikili standartların qurbanıdır”.
Y.Əliyev