Serbiya Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu barədə Serbiyanın baş nazirinin müavini, xarici işlər naziri İvitsa Daçiç bəyan edib.
“Biz Azərbaycanla strateji tərəfdaşlığı, dostluğu və əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”,- deyə İ.Daçiç çərşənbə günü Bakıda keçirilən mətbuat konfransında bildirib.
O, iki ölkə arasında siyasi dialoqun dərinləşməsinin önəmini vurğulayaraq, humanitar, mədəniyyət və təhsil sahələrində əlaqələrin də diqqətdən kənar qalmamasının vacibliyini vurğulayıb.
“Serbiya Avropa İttifaqının üzvü olmağa çalışır, lakin biz Aİ-nin tərəfdaşı olan ölkələrlə də münasibətlər qurmaq istəyirik. Bizim bunun üçün böyük siyasi iradəmiz var”, - deyən İ.Daçiç əlavə edib ki, ikitərəfli münasibətlərin iqtisadi tərkib hissəsi hələ də lazımi səviyyədə deyil.
Nazir deyib ki, Serbiya öz iqtisadiyyatına yeni investisiya qoyuluşları və özəlləşdirmə sahəsində Azərbaycan şirkətlərinin fəallaşmasına dair Bakı ilə danışıqlar aparmağı planlaşdırır. Bununla əlaqədar o, tezliklə ikitərəfli biznes forumun keçirilməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, serbiyalı həmkarı ilə danışıqlarda geniş spektrli məsələlər müzakirə olunub.
“Biz siyasi məsələləri, ilk növbədə münaqişələr mövzusunu müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, çünki inanırıq ki, münaqişələr ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir”, - deyə E.Məmmədyarov bildirib.
O deyib ki, tərəflər Serbiya iqtisadiyyatına sərmayələrin artırılması məsələsinə toxunub və yaxın gələcəkdə biznes forumun və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin vacibliyini qeyd ediblər.
“Biz, həmçinin energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Serbiya TAP və TANAP layihələri, bu boru kəmərlərinin Balkan yarımadasından keçməsi mümkünlüyü ilə maraqlanır”, - deyə Azərbaycan XİN başçısı əlavə edib.
Y.Əliyev