2014-cü ilin yanvar-avqust aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə 4 mlrd. 844 mln. 901 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə nazirliyin saytında dərc edilmiş məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, 2013-cü ilin yanvar-avaust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi və rüsum köçürmələri 4 mlrd. 486 mln. 614,8 min manat təşkil edib. Beləliklə, 2014-cü ilin yanvar-avqust aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə köçürmələri 8% artırıb.
Nazirliyin məlumatına görə, cari ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsinə qeyri-neft-qaz sektorunun xətti ilə vergi daxilolmaları 2 mlrd. 769 mln. 16,5 min manat (2013-cü ilin analoji dövrü ilə müqayisədə artım 15,1% - İF-Az) təşkil edib. Ümumilikdə hesabat dövründə qeyri-neft-qaz sektoru Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə bütün daxilolmaların 57,2%-ni təmin edib.
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə köçürmələrin 27,3%-ni ƏDV, 33,9%-ni mənfəət vergisi, 12,9%-ni fiziki şəxslərdən gəlir vergisi, 10,7%-ni aksizlər, qalan göstəriciləri isə digər vergilər üzrə daxilolmalar təşkil edib.
2014-cü ildə Vergilər Nazirliyinin dövlət büdcəsinə köçürmələr üzrə planı 7 mlrd. 102 manat təşkil edir.
A.Axundov