Azərbaycanın Gürcüstanın yolu ilə gedib NATO-nun xüsusi müttəfiqi statusu əldə etməyinə dəyməz. Çünki bu addım nəinki respublikanın təhlükəsizliyini möhkəmləndirməyəcək, əksinə onu daha da zəiflədəcək. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov belə hesab edir.
“NATO ilə açıq əlaqələrin olmadığı bir halda bu addım təkcə Rusiyanı deyil, həm də İranı Azərbaycana qarşı yönəldəcək, bu isə təhlükəsizliyin möhkəmlənməsi ilə bağlı şübhə doğurur”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan yalnız qonşu dövlətlər tərəfindən açıq düşmənçilik hərəkətləri ilə üzləşdiyi halda NATO ilə xüsusi müttəfiq münasibətləri qura bilər. “Lakin NATO-nun bu təhlükəsizlik sistemlərinin kifayət qədər aldadıcı olduğu bir şəraitdə özünə qarşı hər hansı mənfi hərəkətin edilməsinə səbəb olmaq səhv addım olardı”, - deyə R.Musabəyov vurğulayıb.
F.Hüseynzadə