1 avqust 2014-cü il tarixinə Azərbaycanda geniş mənada pul kütləsi (M3, nağd pullar, təcili əmanətlər, tələb olunana qədər əmanətlər və depozitlər) 21 mlrd. 225,4 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 10% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Bununla yanaşı, cari ilin iyul ayında geniş mənada pul kütləsi 3,19% artıb.
2014-cü il avqustun 1-nə pul kütləsinin strukturunda dövriyyədə olan nağd pulların (M0 aqreqatı) həcmi 10 mlrd. 508,9 mln. manat təşkil edib. Yanvar-iyul ayları ərzində artım 0,48%, iyul ayı ərzində 1,68% olub.
2014-cü il avqustun əvvəlinə M1 pul aqreqatı (nağd pullar, tələb olunana qədər əmanətlər və depozitlər) 13 mlrd. 36,8 mln. manat təşkil edib. İyul ayı ərzində artım 2,57%-ə, yanvar-iyul ayları ərzində 2,35%-ə bərabər olub.
2014-cü il avqustun 1-nə M2 pul aqreqatı (nağd pullar, tələb olunana qədər əmanətlər, manatla təcili əmanətlər və depozitlər) 17 mlrd. 438,1 mln. manat təşkil edir, iyul ayı ərzində artım 2,55%, ilin əvvəlinə olan göstərici ilə müqayisədə artım 6,1% səviyyəsindədir.
Cari ilin avqust ayının əvvəlinə xarici valyutada depozitlər 3 mlrd. 790,3 mln. manat təşkil edib, iyul ayı ərzində artım 6,34%, yanvar-iyul ayları ərzində 32,78% olub. Geniş pul kütləsi strukturunda xarici valyuta ilə depozitlərin payı 2014-cü il iyulun 1-nə olan 17,33%-ə qarşı 1 avqust tarixinə 17,86% təşkil edir.
A.Axundov