Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatına (EA) assosiativ (müxbir) üzv olmaq üçün müraciət edib. Bu barədə komitənin məlumatında qeyd edilir.
Hazırda təşkilatda komitənin müraciətinə baxılır.
Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatı 1997-ci ilin noyabr ayında EAC (European Co-Operation for Accreditation of Certification – Sertifikatlaşdırma (məhsul, keyfiyyət sistemi, işçi heyəti) sahəsində akkreditasiya üzrə Avropa Əməkdaşlığı) və EAL-ın (European Co-Operation for Accreditation of Laboratories – Laboratoriyanın (sınaq və kalibrləmə) Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq) birləşməsi nəticəsində təsis edilib.
EA bütün sahələrdə uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət həyata keçirir.
Akkreditasiyanın beynəlxalq səviyyədə effektiv fəaliyyətini təmin etmək məqsədilə EA-ya üzv olan bütün təşkilatlar sertifikatlaşdırma orqanları, laboratoriyalar və nəzarət orqanlarının qiymətləndirilməsi zamanı eyni standartlardan istifadə etməlidir.
A.Axundov