Suriya və İraq ərazilərində “İslam dövləti” qruplaşmasının 20 mindən 31,5 minə qədər üzvü hərbi əməliyyatlarda iştirak edir. Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin cümə günü yaydığı bəyanatda deyilir.
“MKİ-nin 2014-cü ilin may ayından avqust ayına kimi əldə edilmiş yeni kəşfiyyat məlumatlarına əsaslanan qiymətləndirmələrinə görə, “İslam dövləti” qruplaşmasının Suriya və İraqda hərbi bölmələrinin sayı 20 min nəfərdən 31,5 min nəfərə qədər təşkil edir”, - deyə MKİ-nin rəsmi nümayəndəsi Rayan Trapani bəyan edib.
O vurğulayıb ki, qruplaşmanın üzvlərinin sayının artması iyunda “İslam dövləti”nin İraqda hərbi uğurlarından sonra yeni üzvlərin fəal axın etməsi və “İslam xilafəti”nin yaradılması barədə elan edilməsindən sonra baş verib.
Daha əvvəl MKİ məlumat vermişdi ki, Suriya və İraqda “İslam dövləti”nin döyüşçülərinin sayı 10 min nəfərdən çox deyil.