Azərbaycan və Rusiya arasında mal dövriyyəsi rekord həddə - $3,6 mlrd.-a çatıb. Bu barədə İqtisadi Əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri, Rusiya Federasiyasının baş nazirinin müavini Dmitri Roqozin bazar ertəsi hökumətlərarası komissiyanın 14-cü iclasının açılışında məlumat verib.
“Dünya bazarlarında vəziyyətin heç də ürəkaçan olmamasına baxmayaraq, 2013-cü ilin yekunları üzrə ölkələrimiz arasında mal dövriyyəsi tarixi maksimuma - $3,6 mlrd.-a çatıb. Bu, 2012-ci ilə nisbətən 5% artım deməkdir, bu, yaxşıdır”, - deyə D.Roqozin bildirib.
Onun sözlərinə görə, 2014-cü ilin yanvar-iyul aylarının yekunları üzrə bu müsbət tendensiya saxlanılır.
“Rusiya hökumətinin məlumatına əsasən, Rusiya və Azərbaycan arasında mal dövriyyəsi təxminən 1,9% - 2% artaraq $2 mlrd. 200 mln. təşkil edib. Qeyd etmək lazımdır ki, 2004-cü ildən Rusiya ilə Azərbaycan arasında qarşılıqlı mal dövriyyəsinin həcmi demək olar ki, 5 dəfə artıb. Daha dəqiq desək, 10 il ərzində 4,7 dəfə. Bu o deməkdir ki, illik artım tempi orta hesabla 30%-dən çox təşkil edir”, - deyə D.Roqozin vurğulayıb.
R.Babayev