Avropa İttifaqının Moskvaya qarşı sanksiya siyasəti Rusiya ilə Azərbaycanı daha da yaxınlaşdırdı. Bu barədə İqtisadi Əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri, Rusiya Federasiyasının baş nazirinin müavini Dmitri Roqozin bazar ertəsi hökumətlərarası komissiyanın 14-cü iclasının açılışında çıxışı zamanı bəyan edib.
“Biz şadıq ki, bu ilin müəyyən siyasi hadisələri nəticəsində bu gün Rusiya iqtisadiyyatının yaşadığı çətin vaxtlar, sınaqlar dövrü əslində Rusiya ilə Azərbaycanı yaxınlaşdırır. Biz bu gün görürük ki, idxalı əvəzləmə siyasəti çərçivəsində Azərbaycan məhsulları Rusiya bazarlarına daxil olur. Bu məhsullara tələbat var”, - deyə D.Roqozin bildirib.
“Bu gün ən müxtəlif sahələrdə - istər kənd təsəsrrüfatı məhsullarının emalı, istər energetika sahəsində əməkdaşlıq, istərsə də sənaye istehsalı ilı bağlı məsələlər olsun, birgə müəssisələr yaratmağın vaxtı çatıb”,- deyə baş nazirin müavini qeyd edib.
D.Roqozinin sözlərinə görə, son illər ərzində Azərbaycan istehsal sahəsində güclü sıcrayışa nail olub. “Biz bunu görürük, hiss edirik, bu, bizim üçün sevindirici məqamdır. Və biz birgə səylərimizin necə ahəng tapa biləcəyini də görürük”,- deyə o əlavə edib.
D.Roqozin deyib ki, hökumətlərarası komissiyanın iclasından əvvəl onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü olub. Dövlət başçısı “Rusiya və Azərbaycanın qeyd-şərtsiz və labüd yaxınlaşması naminə əldə edilmiş hər bir razılaşmanın kağız üzərində qalmamasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
“Əlbəttə, bu münasibətlər daha geniş kontekstdə - həm regional, həm ikitərəfli, həm də böyük Xəzər dənizi aspektində inkişaf etdiriləcək. Çünki Xəzər dənizi hazırda Qərbin təşəbbüsü ilə hücum vəziyyətinə keçən çalxalanan okenlar fonunda sülh və sabitlik dənizi olmalıdır”, - deyə o bildirib.
R.Babayev