“Azərkosmos” ASC Azərbaycanın “Azerspace-1” peyki üzərindən Türkiyə kanallarının yayımını həyata keçirəcək. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
“11-14 sentyabr tarixlərində İstanbulda keçirilən “CeBİT – Avrasiya” İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində ASC ilə Türkiyənin “NEBA” şirkəti arasında müvafiq müqavilə imzalanıb. Peykdən türk kanallarının ilk siqnalı artıq sentyabrda veriləcək”, - deyə məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, “Azərspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb. 2010-cu ilin may ayında RİTN Amerikanın peyk istehsalı üzrə ixtisaslaşmış “Orbital Sciences Corporation” şirkəti ilə müqavilə imzalayıb.
Azərbaycan, həmçinin Malayziyanın “MEASAT” şirkəti ilə də orbital mövqeyindən “Azərspace-1” rabitə peyki üçün istifadə etmək barədə müqavilə imzalayıb. Xərclərin 5-7 il ərzində çıxarılacağı, peykin istismar olunacağı sonrakı 15 il müddətində isə xalis mənfəət gətirəcəyi ehtimal olunur.
“Azərspace-1” layihəsinin ümumi dəyəri $233 mln. təşkil edir. Bu məbləğin $121,7 mln.-u peykin hazırlanmasına, $93,8 mln.-u peykin orbitə çıxarılmasına, $17,5 mln.-u isə peykin orbitə buraxılmasının sığortalanmasına, orbitdə birillik istismarına və digər sığorta xərclərinə sərf olunub. Peykin hazırlanmasına sərf olunan $121,7 mln. məbləğə təkcə peykin istehsalı deyil, zəruri yerüstü avadanlığın quraşdırılması, kadrların hazırlanması və digər xərclər də daxildir.
“Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
N.Abbasova