Naxçıvanın Şərur rayonunda Texniki-Peşə və Sürücülük Məktəb Kompleksi istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Məktəbin açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, bu gün ölkədə gənclərin keyfiyyətli təhsil alması üçün hər bir şərait yaradılıb.
“Yeni məktəb binalarının istifadəyə verilməsi, təhsil müəssisələrinin informasiya texnologiyaları ilə təminatı, distant və elektron təhsil sisteminə keçid tədrisin səviyyəsini daha da yüksəldəcək”, - deyə o vurğulayıb.
“Muxtar respublikanın sosial-iqtisadi inkişafı və bunun nəticəsi olaraq açılan yeni iş yerləri ixtisaslı kadrlara olan tələbatı artırıb. Bu səbəbdən son illər peşə təhsilinin məzmunu tamamilə yeniləşib, peşə tədrisi müəssisələrinin maddi-texniki bazası gücləndirilib. İqtisadiyyatın çoxşaxəli inkişafı, yeni peşə və sənət sahələrinin yaranması özü ilə bərabər ixtisaslı kadrlara olan tələbatı da artırır. Artıq müasir dövrdə peşə təhsili günün tələbinə çevrilib. Hazırda muxtar respublikada 1 peşə liseyi, 4 peşə məktəbi və 1 Regional Peşə Tədris Mərkəzi fəaliyyət göstərir. Bu gün istifadəyə verilən Şərur Texniki Peşə və Sürücülük Məktəbi də muxtar respublikada peşə ixtisaslı kadrlara olan tələbatın ödənilməsində mühüm rol oynayacaq”,- deyə V. Talıbov bildirib.
“Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi informasiya texnologiyalarının imkanlarından istifadə etməklə peşə təhsilinin daha da təkmilləşdirilməsinə, müasir texnika və texnologiyalara dair tədris materiallarını özündə əks etdirən proqramlar və dərs vəsaitlərinin hazırlanmasına, mühəndis – pedaqoji heyətin səviyyəsinin yüksəldilməsinə nail olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan Regional Peşə Tədris Mərkəzində kadr hazırlığı işini əmək bazarının tələbləri ilə uzlaşdırmalı, ixtisaslaşma apararaq yeni kurslar açmalı, təlim kurslarını bitirən müdavimlərin müvafiq işlə təmin olunmalarını diqqət mərkəzində saxlamalıdır”, - deyə o qeyd edib..
Sonra Ali Məclisin sədri Şərur rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 25 şagirdə kompüter dəsti hədiyyə edib.
4 mərtəbədən ibarət olan tədris korpusunda dərslərin səmərəli təşkili üçün hər cür şərait yaradılıb. 360 yerlik binada 17 sinif otağı, 4 laboratoriya, 5 emalatxana, şahmat və kompüter otaqları, müəllimlər otağı, hərbi kabinə, tibb məntəqəsi, idman zalı, arxiv, dərzi, bərbərxana və digər yardımçı otaqlar var. Sinif otaqlarında məlumat stendləri asılıb, emalatxanalarda müxtəlif avtomobil və kənd təsərrüfatı texnikalarının hissələri, eləcə də dəzgahlar qoyulub. Məktəbdə 11 ixtisas - elektrik montyoru, bərbər, qadın bərbəri, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, kompüter istifadəçisi, xalçaçı, traktorçu-maşinist, qazanxana maşinisti, aşpaz köməkçisi, xörəkpaylayan və avtomobil sürücüsü ixtisasları tədris olunacaq.
Şərur Texniki Peşə və Sürücülük Məktəbində 11 elektron lövhəli sinif və kompüter otağı var. Kompüter otağındakı 21 kompüterin hər biri internetə qoşulub.
Q.Hüseynova