Azərbaycanın ehtiyatda olan 10 min nəfərədək hərbi vəzifəlisi Türkiyə ilə birgə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimlərinə cəlb edilib. Bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 13-dən başlanan təlimlər sentyabrın 20-dək davam edəcək.
Qeyd edilir ki, Ali Baş Komandanın şəxsi göstərişinə əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə cəlb edilməsində məqsəd səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılmasıdır.
Təlimlərə Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növləri və Türkiyə Silahlı Qüvvələrinin hərbi hissələri cəlb olunub.
Plana uyğun olaraq, hərbi hazırlıq çərçivəsində təlimlərə cəlb olunan ehtiyatda olan hərbi vəzifəlilər silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması keçəcəklər.
F.İsazadə