Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizm, İKT və digər sahələrdə əməkdaşlıq üçün geniş potensial var. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir.
Məlumata görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüşüb.
Nazir bildirib ki, hazırda Azərbaycanda müxtəlif sahələrdə 177 alman investisiyalı şirkət fəaliyyət göstərir.
“Azərbaycanın Almaniya ilə ticarət əlaqələri ildən-ilə genişlənir. 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 25% artaraq 2,2 mlrd. dollara çatıb. Artım tendensiyası 2014-cü ildə də davam edib, bu ilin 7 ayı ərzində ticarət dövriyyəsi 15% artıb”,- deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, Azərbaycan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Almaniya İnkişaf Bankı (KfW) ilə sıx əməkdaşlıq edir.
Görüşdə Bundestaqın iqtisadiyyat və sənaye üzrə komissiyasının sədri Peter Ramsauer və İqtisadi əməkdaşlıq üzrə komissiyanın sədri Daqmar Vöhrl ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildiriblər.
A.Axundov