Azərbaycan müdafiə sənayesi üçün optik məhsulların istehsal spektrini genişləndirir. Bu barədə Müdafiə Sənayesi Nazirliyinin (MSN) Optika-Mexanika İstehsalat Birliyi “Alov” zavodunun baş direktoru Kamal Əsgərov məlumat verib.
“Zavodun istehsal etdiyi 14 adda məhsul Müdafiə Nazirliyi tərəfindən silahlanmaya qəbul olunub. Bu məhsullar əsasən gündüz nişangahları, gecəgörmə nişangahları, termal müşahidə qurğuları və nişangahlarıdır”,- deyə K.Əsgərov “ İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, SVD tüfəngi üçün 2 növ nişangah istehsal edilir.
“Bunlar dəyişkən böyütməyə malik 4-14-50 və 6-24-50 nişangahlarıdır. Onlardan yaxın və məsafəli atışlarda istifadə etmək olur. Hazırda silahlanmada olan “İstiqlal” tüfəngində istifadə olunur. Silahın üstündəki nişangahla hədəfi 2000-2400 metrədək məsafədə görmək mümkündür”,- deyə K.Əsgərov qeyd edib.
Onun sözlərinə görə, bundan əlavə, 3 növ qırmızı nöqtəli kollimator nişangahları istehsal olunur. Onlardan yaxın məsafəli döyüşlər üçün nəzərdə tutulan yüngül atıcı silahlarda istifadə olunur. Bunlar əsasən xüsusi-xidmət orqanları üçün nəzərdə tutulub.
“Biz, həmçinin qumbaraatanlar nişangah istehsal edirik. Eyni zamanda onun üzərində elevator şəklində gecəgörmə nişangahı yerləşdirilib. Bu yolla silahın imkanlarını artırmışıq. Yəni artıq qumbaratanın nişangahından həm gündüz, həm də gecə istifadə etmək olur.
Bundan başqa, hazırda orduda 120, 82, 60 və 40 mm-lik minaatanların hamısında istehsal etdiyimiz nişangahlardan istifadə olunur. Bu nişangahları sıfırlamaq üçün əlavə olaraq kollimator da istehsal edirik”, - deyə o əlavə edib.
“Gecəgörmə, monokulyar nişangahlarını biz həm fərdi müşahidə üçün istehsal edirik, eyni zamanda həmin monokulyarları gündüz nişangahlarının qarşısında yerləşdirməklə onun imkanlarını artırırıq. Bununla həmin nişangahlardan gecə şəraitində də istifadə etmək mümkün olur. Hazırda Aselsan şirkəti ilə perspektivdə 4 və 6 qat böyütməyə malik optik gecəgörmə nişangahlarının Azərbaycanda yaradılması üzərində işlər gedir”, - deyə V.Əsgərov bildirib.
“Bununla yanaşı, Aselsan şirkəti ilə Azərbaycanda insan bədəninin istilik enerjisini qeydə alan teplovizyon nişangahlarının istehsalının ayardılması qısa zamanda başa çatdırılacaq. Teplovizyon nişangahlardan həm uzaq məsafəli hədəfləri vuran silahlarda, snayperlərdə, həm də yaxın məsafəli hədəfləri vuran silahlarda istifadə edilməsi üçün nəzərdə tutulub. Bu, bizim ordu üçün çox mühümdür. Biz onu da yaxın zamanlarda istehsal edib orduda silahlanmaya verəcəyik. Artıq bununla bağlı sifarişlər var. Bizim yaratdığımız hər bir nişangahın sifarişçisi, ilk növbədə Müdafiə Nazirliyidir, eyni zamanda Daxili Qoşunlar, Sərhəd Xidməti, Mühafizə Xidməti, Milli Təhlükəsizlik Nazirliyi və s. sifarişləri olur. Biz öz istehsal proqramımızı bu sifarişlər əsasında qururuq. Bizim xarici ölkələrdən də sifarişimiz var. Məsələn, bizim nazirlik xaricə bir qumbaraatan satır. Onun üzərində məhz bizim nişangahımız komplektləşdirilir.
Ayrıca qarşılıqlı müqavilə əsasında Aselsan şirkətinin də bəzi sifarişlərini yerinə yetiririk”,- deyə baş direktor vurğulayıb.
“Biz Türkiyə ilə yanaşı, Rusiya, Rumıniya, Belarus, İran, İsrail və digər ölkələrin şirkətləri ilə qarşılıqlı əməkdaşlıq edirik. Bu gün MSN-in imkanları çox böyükdür və Ordumuzu optik cihaz və sistemlərlə tam təmin etməyə hazırıq. Bu istiqamətdə mühüm işlər aparılır və gələcəkdə də davam etdiriləcək”,- deyə V.Əsgərov əlavə edib.
F.İsazadə