Çərşənbə axşamı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin iclasında “Polis haqqında” qanuna hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən elektroşok qurğularından istifadəni nəzərdə tutan dəyişikliklərə dair qanun layihəsi müzakirə olunub.
“Elektroşok qurğularından bir sıra inkişaf etmiş dövlətlərdə, o cümlədən ABŞ, Fransa, Almaniya və Rusiyada polis tərəfindən ictimai təhlükəsizliyi təmin etmək və qanuna zidd hərəkətlərin qarşısını almaq üçün effektiv vasitə kimi istifadə olunur”, - deyə komitə sədri Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən elektroşok vasitələrinin tətbiqi “Polis haqqında” qanunun 26-cı maddəsinə dəyişikliklər edildikdən sonra mümkün olacaq.
“Bu maddə polis əməkdaşları tərəfindən istifadə edilən xüsusi vasitələrə həsr olunub. Bura qanun pozuntusunun qarşısını almaq məqsədilə cinayət törətmiş şəxsə qarşı bir neçə metr məsafədən tətbiq olunacaq elektroşok qurğusunun xüsusi vasitələr siyahısına daxil edilməsini nəzərdə tutan 3-1-ci bəndin əlavə edilməsi təklif olunur”, - deyə Ə.Hüseynli qeyd edib.
Komitə sədri xüsusi vasitələrin tətbiqinin yalnız normativ akt və əmrlərdə deyil, həm də qanunlarda öz əksini tapmasının əhəmiyyətini vurğulayıb.
“İkinci mühüm məqam polisin hansı hallarda elektroşok vasitələrindən isifadə edə bilməsindən ibarətdir. Qanun layihəsində bu məqam konkret şəkildə göstərilib. Elektroşok vasitələri insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə, qiyam və ya kütləvi ixtişaşlar baş verdikdə, yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə, tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə, cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda istifadə oluna bilər”, - deyə Ə.Hüseynli bildirib.
İclasda qeyd edilib ki, elektroşok vasitəsi bütün polis əməkdaşlarınn deyil, müəyyən vəzifəli şəxslərin arsenalında olacaq. Həmin şəxslərin siyahısı daxili işlər nazirinin əmri ilə təsdiq ediləcək.
Qeyd olunan qanun layihəsi baxılması üçün komitə üzvləri tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə edilib.
R.Babayev