Çərşənbə axşamı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərin edilməsi barədə qanun layihəsi müzakirə edilib.
“Qanuna təklif edilən düzəlişlərə əsasən, şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi 10 min manatdan artıq ola bilməz”, - deyə komitənin sədri Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, siyasi partiyalarda üzvlük haqqının məbləği partiyanın Nizamnaməsi ilə müəyyən edilir və bu məbləğdən artıq ödənişlər ianə hesab ediləcək”, - deyə Ə.Hüseynli vurğulayıb.
Həmçinin “Siyasi partiyalar haqqında” qanuna təklif olunan müddəaya əsasən, siyasi partiyalar aprelin 1-dən gec olmayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.
Bu qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması tövsiyə edilib.
R.Babayev