AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov almaniyalı deputat Aleksandr Graf Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi təcili qətnamə layihəsində ehtiva edilən bəzi məlumatlarla bağlı narazılığını bildirib.
Bununla əlaqədar olaraq azərbaycanlı deputat Avropa Parlamentinin prezidenti Martin Şultsa, Avronest PA-nın həmsədrlərinə və Avropa Parlamentinin üzvlərinə müraciət ünvanlayıb.
“Son zamanlar Avropa Parlamenti və digər Avropa təşkilatlarında bəzi siyasətçilər Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrindən biri olan Azərbaycana qarşı qərəzli kampaniyalara və kəskin hücumlara başlamışlar. Bu qərəzli kampaniyada Almaniyalı deputat Aleksandr Graf Lambsdorf və onun təmsil etdiyi yaxın ətrafı xüsusi aktivlik nümayiş etdirirlər. Cənab Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi qətnamə layihəsi bu kampaniyanın tərkib hissəsidir”,- deyə müraciətdə bildirilir.
“Belə ki, qətnamə layihəsinin tərtibatı, yoxlanılmamış faktlara istinad edilməsi, bölgədə olan geosiyasi gerçəkliklərin nəzərə alınmaması, suveren dövlətə qarşı sərt və qeyri-adekvat sanksiyaların tətbiq edilməsinin tələb edilməsi, hüquqi məsələlərin siyasi müstəvidə həll edilməsinə çağırışlar bu sənədin tələsik və açıq-aşkar qərəzli hazırlanması ilə bərabər, məqsədyönlü antiazərbaycan xarakter daşımasını sübut edir. Qətnamə layihəsində diqqəti çəkən məqam ondan ibarətdir ki, müəllif Azərbaycanda baş verən hadisələri yalnız mənfi prizmadan qiymətləndirir, şəxsi mülahizələri əsasında qəbuledilməz ümumiləşdirlmələrə yol verir, müasir sivil dünyanın ən vacib dəyərlərindən biri olan hüququn aliliyi prinsipinə məhəl qoymadan siyasi dəyərləndirmələrə üstünlük verir”, - deyə E.Süleymanov müraciətində vurğulayıb.
Onun sözlərinə görə, “qətnamə müəllifinin bu yanaşması təsadüf deyil, əksinə məqsədyönlü şəkildə belə formatda təqdim edilib”. Müəllif əsassız olaraq sübutsuz faktlar göstərir və Azərbaycan məhkəmələrinin gedişinə müdaxiləyə cəhd edir.
“Ümid edirəm ki, Avropa Parlamentində öz obyektivliyi və prinsipiallığı ilə seçilən deputatlar üstünlük təşkil edir və cənab Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi qətnamə layihəsinin qərəzli, qeyri-obyektiv olması onlarda şübhə doğurmur və onlar bu qətnamə layihəsini dəstəkləməyəcəklər”, - deyə parlamentarinin müraciətində qeyd olunur.
R.Babayev