Goranboy rayonunun Gülüstan kəndi yaxınlığındakı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ATƏT-in növbəti monitorinqi insidentsiz başa çatıb. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi, polkovnik-leytenant Tuncay Sevim, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi, polkovnik Markus Uidmer keçiriblər.
Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçirilib.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayından qüvvədədir. ATƏT münaqişə tərəflərinin barışıq şərtlərini yerinə yetirməsi haqqında məlumat əldə etmək üçün bu təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməyi ilə qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər təşkil edir.
F.İsazadə