Dağlıq Qarabağ probleminin həlli Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasının rəhnidir. Bu barədə amerikalı diplomat Robert Sekuta ABŞ-ın Azərbaycandakı səfiri qismində namizədliyinin təsdiq olunması üzrə Senatın Xarici işlər Komitəsində keçirilən dinləmələr zamanı bəyan edib.
“Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasında əsas oyunçudur. Və bu gün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasından başqa, Qafqazda daha təhlükəsiz və firavan gələcəyə nail olunması üçün daha yüksək prioritet yoxdur”, - deyə o bildirib.
Diplomatın sözlərinə görə, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi münaqişə tərəflərinə BMT Nizamnaməsi və Helsinki Yekun Aktının müvafiq sənəd və prinsipləri (güc tətbiq etməmə, ərazi bütövlüyü, xalqların
öz müqəddəratını təyin etmək hüququ) əsasında sülh yolu ilə nizamlanması məsələsində kömək etməyə davam edəcək.
Bununla əlaqədar R.Sekuta 4 sentyabr tarixində Uelsdə NATO-nun sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə münaqişənin həlli perspektivlərini müzakirə edən ABŞ dövlət katibi Con Kerri və ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin xidmətlərini qeyd edib. “Biz açıq şəkildə bu mühüm addımlara görə Ermənistan və Azərbaycan prezidentlərinə minnətdarlığımızı bildirdik. Və onları nizamlanma elementlərinin müzakirəsini davam etdirməyə çağırırıq. Bu cür görüşlər davam etməlidir, çünki yalnız danışıqlar yolu ilə nizamlanma regionda uzunmüddətli sülh və sabitliyə gətirib çıxara bilər. Namizədliyim təsdiq olunduğu halda administrasiyanın bu məqsədə nail olma öhdəliyini ən yüksək səviyyədə dəstəkləyəcəyəm. Bununla əlaqədar mən amerikalı həmsədr, səfir Ceyms Uorlikin səylərini dəstəkləyəcəyəm”, - deyə R.Sekuta bəyan edib.
F.Hüseynzadə