Heydər Əliyev Fondu tərəfindən Parisdə “Azərbaycan şəhərciyi” təşkil olunacaq. Bu barədə fondun rəsmi saytında məlumat verilir.
Sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil olunacaq “Şəhərcik”də Azərbaycanın tarixi və mədəniyyətinin, turizm imkanlarının tərənnümünə həsr olunan müxtəlif sərgilər keçiriləcək.
Sərgilərdə Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən misgərlik məmulatları, şəbəkələr, Azərbaycan milli geyimləri, milli musiqi alətləri, Azərbaycan xalçaları təqdim olunacaq.
Burada Azərbaycanın 12-ci əsrdə yaşamış dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına dair materiallar, həmin dövrə aid arxeoloji tapıntılar - pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar, “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər də sərgilənəcək
“Azərbaycan şəhərciyi”ndə eyni zamanda milli mətbəximizi tərənnüm edən köşklər qurulacaq. Müxtəlif şirkətlərə aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri və s. sərgilənəcək.
Azərbaycan şəhərciyi”ndə, həmçinin “Bakı 2015” Birinci Avropa Oyunlarına hazırlığın təqdimatı keçiriləcək, Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri təqdim olunacaq.
10 gün davam edəcək sərgi-yarmarkada Azərbaycanın incəsənət ustaları şəhər sakinləri və turistlərə müxtəlif konsert proqramları təqdim edəcəklər.
Qeyd edək ki, tədbirlər ərəfəsində Paris küçələri Azərbaycana aid afişalarla bəzədilib.
A.Zeydullayeva