Parisdə UNESCO-da görkəmli Azərbaycan bəstəkarı Fərəc Qarayevin “Qobustan kölgələri” baletinin nümayişi olub. Bu barədə
Heydər Əliyev Fondunun rəsmi saytında məlumat verilir.
Nümayişdən əvvəl Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və UNESCO-nun baş direktoru İrina Bokova əməkdaşlıq və birgə layihələrin reallaşdırılması məsələlərini müzakirə ediblər.
Görüşdə tərəflər hər iki təşkilatın səyləri ilə reallaşdırılan layihələrin əhəmiyyətini, həmçinin Qobustanla bağlı UNESCO-da təqdimatın önəmini vurğulayıblar.
Bundan başqa, Heydər Əliyev Fondu və UNESCO arasında əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın milli sərvəti olan Qobustanın qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı ölkədə bir çox işlərin görüldüyünü, layihələrin həyata keçirildiyini söyləyib.
“Qobustan kölgələri” baletinin ilk premyerası 1969-cu ildə baş tutub. Tamaşa Paris, Luksemburq, Monte Karlo, Sankt-Peterburq, Kiyev və digər şəhərlərdə uğurla nümayiş olunub.
A.Zeydullayeva