Sentyabrın 18-22-də Bakıda Gənclərin Beynəlxalq Sülh Forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) mətbuat xidmətindən məlumat verilib.
Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunur.
Forumun məqsədi Azərbaycanın regionda sülh quruculuğu işində yeri və rolu barədə Avropa gənclərinə çatdırılması, Avropa-Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, avropalı gənclərə Azərbaycan həqiqətləri: əsasən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat verilməsidir.
Forumda 12 ölkədən - Finlandiya, Danimarka, Macarıstan, Çexiya, Avstriya, Niderland, Ukrayna, Türkiyə, Böyük Britaniya, Moldovadan sülh qurucuları, ekspertlər və xarici QHT nümayəndələri iştirak edəcək.
Tədbirdə Avropanın kütləvi təşkilatlarından hesab edilən, İngiltərədə fəaliyyət göstərən “Peace One Day” təşkilatının iştirakı planlaşdırılır. “Peace One Day” təşkilatının sosial şəbəkələrdə izləyiciləri 1 milyonu keçir.
A.Zeydullayeva