“AAS” Müasir Tikinti Materialları Zavodu istehsal gücünü artırmağı planlaşdırır. Bu barədə cümə axşamı jurnalistlərə şirkətin baş direktoru İsrail Asaliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda zavodda məsaməli betonun istehsal həcmi sutkada 750 kubmetr və ya ildə 225 min kubmetr təşkil edir. 2015-ci ilin əvvəlində bu göstəricinin sutkada 1,2 min kubmetrə, yaxud ildə 360 min kubmetrə çatdırılması planlaşdırılır.
“Bu gün zavodumuz Azərbaycanda məsaməli betona olan tələbatın 60-70%-ni ödəyir. 2015-ci ildə zavodun istehsal gücü artırıldıqdan sonra biz tələbatı 100% təmin edə biləcəyik”,- deyə İ.Asaliyev qeyd edib.
O deyib ki, şirkət artıq öz məhsullarını Qazaxıstana ixrac edib və hazırda Gürcüstan və Rusiyaya məhsul ixracı ilə bağlı müzakirələr aparır.
“AAS” “Sinergy Group” şirkətlər qrupuna daxildir. Zavod 2011-ci il dekabrın 26-da istismara verilib. Müəssisə Bakı-Salyan şosesinin 47-ci kilometrliyində, 10 hektar ərazidə yerləşir. Burada 12 min kvadratmetr sahəni əhatə edən qapalı ərazidə məsaməli beton, 6 min kvadratmetr ərazidə sutkada 120 ton həcmində sönmüş əhəng və sutkada 100 ton həcmində yandırılmış əhəng istehsal olunur.
A.Axundov