Tibb Universiteti “Bakı-2015 Avropa Oyunları”nın Təşkilat Komitəsi ilə əməkdaşlığa başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ali məktəbin mətbuat xidmətindən məlumat verilib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında Avropa Oyunlarında çalışacaq həkimlərə təlim keçirilib.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov “Bakı-2015 Avropa Oyunları”nın tibb direktoru Pem Vedinglə görüşüb.
Görüş zamanı rektor beynəlxalq miqyaslı tədbirin Bakıda yüksək səviyyədə təşkil edəcəyindən əminlik bildirib və Tibb Universitetinin fəaliyyəti, fakültələri və klinikaları barədə məlumat verib.
P.Veding, öz növbəsində Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün peşəkar mütəxəssislərə ehtiyac olduğunu deyib. Bununla əlaqədar o, bu məsələdə Tibb Universitetinin zəruri dəstək göstərəcəyinə ümidvar olduğunu söyləyib.
Görüş zamanı Avropa Oyunlarında tibb xidməti göstərəcək mütəxəssislərin hazırlıq keçməsi üçün ATU-nun klinikalarında mövcud treninq mərkəzlərindən istifadə olunmasına dair razılıq əldə olunub.
Bundan başqa, görüşdə qeyd edilib ki, Bakıda oyunlar zamanı Tibb Universitetinin təmsilçilərinin həkim briqadası da xidmət göstərəcək.
A.Zeydullayeva