Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 193,4 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2014-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 3,903 min sahibkarın layihələri maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 8,7 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə axşamı Biləsuvar rayonunda regionlarda sahibkarlığa dövlət dəstəyi mövzusunda tədbir təşkil edib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.
İndiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 8756 layihənin həyata keçirilməsi üçün SKMF-in xətti ilə 379,2 mln. manat güzəştli kredit verilib. Bu layihələr çərçivəsində 31 mindən artıq yeni iş yeri yaradılıb.
“Cümə axşamı tədbir çərçivəsində 70 sahibkarlıq subyekti ümumilikdə 1,4 mln. manat məbləğində güzəştli kredit alıb. Kredit vəsaitləri heyvandarlıq, quşçuluq, şirniyyat istehsalı və s. sahələrdə layihələrin reallaşdırılması üçün ayrılıb. Layihələrin kreditləşdirilməsi 170-dən artıq yeni iş yerinin açılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 46 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.
A.Əzizov