Azərbaycanlı zəvvarların ilk qrupu sentyabrın 24-nə keçən gecə Məkkəyə yola düşəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən cümə axşamı verilən məlumatda deyilir.
Zəvvarlar sentyabrın 23-28-də yola düşəcək, oktyabrın 11-15-də isə ziyarətdən qayıdacaqlar.
Azərbaycanlı zəvvarların bütün təşkilati məsələləri həll edilib. Məkkə və Mədinədə onların yerləşdirilməsi üçün bina və otellər icarəyə götürülüb, nəqliyyatla, gündə iki dəfə yeməklə, 24 saat ərzində isti çayla təminatı məsələləri həll olunub.
Bakıdan Ciddəyə reyslər Səudiyyə Ərəbistanının “Nas” milli aviaşirkəti tərəfindən təşkil olunacaq, zəvvarlar ziyarətdən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarələrlə qayıdacaqlar.
Bu il ölkəmizdən təxminən 3,6 min zəvvar Həcc ziyarətinə yola düşəcək ki və onları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək.
F.İsazadə