İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığı ilə Milli preventiv qrupun üzvləri (MPQ) Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında olublar. Bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat verir.
Məqsəd bəzi vətəndaş cəmiyyəti nümayəndələrinin hüquq müdafiəçisi Leyla Yunusun təcridxanada saxlanma şəraiti və rəftar ilə bağlı ombudsmanın ünvanına daxil olan məlumatların araşdırılması olub.
Milli preventiv qrupun üzvləri L.Yunusun saxlandığı kameraya baxış keçiriblər, onunla bir yerdə saxlanılan digər 5 qadınla təklikdə görüşüblər.
Baxış zamanı kameranın şəraitinin zəruri standartlara uyğun olduğu müəyyən edilib.
L.Yunusla kamerada birlikdə saxlanılan şəxslər saxlanma şəraiti və rəftardan şikayət etməyiblər. Onlardan biri Nuridə Hüseynova mətbuatda onun adının çəkilməsi və cəmiyyətə mənfi xarakterli insan kimi təqdim edilməsinə etiraz edərək, bunun yolverilməz olduğunu bildirib.
L.Yunusla kamerada birlikdə saxlanılan şəxslərdən bəziləri hüquq müdafiəçisi ilə N.Hüseynova arasında narazılığın olduğunu bildirsələr də, onlardan birinin digərinə xəsarət yetirməsinin şahidi olmadıqlarını söyləyiblər.
L.Yunusun əvvəllər məhkum olunmuş qadınla bir yerdə saxlanılması ilə bağlı şikayətinin araşdırılması zamanı məlum olub ki, istintaq təcridxanasının bir korpusunda aparılan təmir işləri ilə bağlı müvəqqəti sıxlıq yarandığından yerdəyişmə məsələlərində çətinlik yaranıb.
Araşdırmanın nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib.
Sülh və Demokratiya İnstitutunun direktoru L.Yunusa qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 213 (vergidən yayınma), 192 (qanunsuz sahibkarlıq), 320 (rəsmi sənədlərin saxtalaşdırılması) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə cinayət işi açılıb.
R.Babayev