Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesini qəsdən uzadır. Bu barədə Türkiyənin “Haber Türk” telekanalı məlumat verib.
“Əgər Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirməyi dayandıraraq Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşarsa, o zaman regional layihələrə cəlb edilə bilər”, - deyə məlumatda Ə.Davudoğluna istinadən bildirilir.
Ə.Davudoğlu qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq son 12 il ərzində dəfələrlə artıb.
“Biz regiona sülh və sabitlik gətirən birgə layihələr üzrəində işləyirik”, - deyə türkiyəli baş nazir qeyd edib.
Sentyabrın 20-də Bakıda Cənub Qaz Dəhlizinin təntənəli təməlqoyma mərasiminin keçiriləcəyini xatırladan Ə.Davudoğlu bu layihənin əhəmiyyətini vurğulayıb.
“Bu, Azərbaycan qazının Türkiyə ərazisi ilə Avropaya nəqlini təmin edən mühüm layihədir. Bu layihə Balkan yarımadasını Qafqazla birləşdirəcək”, - deyə o vurğulayıb.
F.İsazadə