Görkəmli sovet yazıçısı Maksim Qorkinin nəvəsi, Y.Vaxtanqov adına Moskva Akademik Teatrının aktrisası Darya Peşkova Bakıda səfərdədir.
“Rusiya ilə bizi çox şey birləşdirir. Rus ədəbiyyatının öyrənilməsi Azərbaycan məktəblərində böyük yer tutur”, - deyə Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev D.Peşkovanın ali məktəbi ziyarəti zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda digər xalq və millətlərin mədəniyyətləri qorunub saxlanılıb, onların hamısı respublikamızda mehriban yaşayırlar.
“Azərbaycan rəhbərliyi mədəniyyətlərarası əlaqələrin qurulmasına böyük önəm verir. Ali məktəbimizin keçmiş rektoru hazırda prezidentin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə
müşaviridir”, - deyə A.Hacıyev bildirib.
O, həmçinin qeyd edib ki, müstəqilliyin bərpası tolerantlığın qorunması nöqteyi-nəzərindən ölkəmiz üçün böyük sınaqdır. “Lakin Azərbaycan yüksək multikulturalizm dəyərlərinə malik dövlət adını şərəflə daşımağa davam edir”, - deyə rektor vurğulayıb.
“Maksim Qorki Bakını gözəlliyinə görə Neapol ilə müqayisə edirdi. Mən isə hesab edirəm ki, Bakı daha gözəldir”, - deyə D.Peşkova bildirib.
D.Peşkova, həmçinin Rusiya Mədəniyyət-Təhsil Mərkəzinə baş çəkib.
Bundan başqa, ali məktəbdə yazıçının nəvəsi tələbələrlə görüşərək onlarla babası barədə xatirələri ilə bölüşüb, gəncləri maraqlandıran sualları cavablandırıb.
Görüşdə yazıçının nəticələri də iştirak ediblər.
A.Zeydullayeva