Müdafiə naziri Zakir Həsənov irimiqyaslı birgə təlimlərdə iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəlib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verir.
Nazir təlimlərdə iştirak edən uçuş və texniki heyətlə görüşüb, döyüş aviasiyasına baxış keçirib və müxtəlif təyinatlı atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.
Təlimlərin əhəmiyyətini vurğulayan müdafiə naziri bunu tarixi hadisə adlandırıb.
Nazir Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təlimlərin keçirilməsinə dəstək olduqlarına görə minnətdarlığını bildirib.
"Hər iki ölkənin Silahlı Qüvvələrinin məqsədi regionda sülhə və əmin-amanlığa nail olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz və gücümüz birliyimizə bağlıdır", - deyə Z.Həsənov çıxışında bildirib.
Sonra təlim iştirakçılarına və Müdafiə Nazirliyinin rəhbərliyinə xatirə hədiyyələri təqdim edilib.
Təlimlər davam edir.
13-20 sentyabr tarixlərində Azərbaycanda Türkiyə ilə birgə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimləri keçirilir.
Təlimlərə Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növləri və Türkiyə Silahlı Qüvvələrinin hərbi hissələri, respublikanın 30 min nəfər şəxsi heyəti, həmçinin ehtiyatda olan 10 min nəfərədək hərbi vəzifəli cəlb olunub.
F.İsazadə