Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri İsveç kraliçası Silvia ilə görüşüblər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verib.
Cenevrə şəhərində keçirilmiş görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri, UNESCO Ümumdünya Telekommunikasiya Təşkilatının komissarı, səfir Valter Fyust, Liviya İnsan Hüquqları Təşkilatının prezidenti Farida Allaghi və Mərkəzin baş katibi Rövşən Muradov iştirak ediblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri İsveç kraliçasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı barədə məlumat veriblər.
Bundan başqa, Mərkəzin həyata keçirdiyi layihələr və təşəbbüslər müzakirə edilib, Madrid Klubu ilə birgə reallaşdırdığı ənənəvi forumun xüsusilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, eləcə də 2015-ci ildə keçirilməsi nəzərdə tutulan III Qlobal Müştərək Cəmiyyətlər Forumu haqda ətraflı məlumat verilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci il sentyabrın 30-da Gəncə şəhərində dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimi tərəfindən yaradılıb.
Mərkəzin fəaliyyətinin prioriteti Azərbaycanın elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunmasıdır.
Ukrayna və Gürcüstanın eks-prezidentləri Viktor Yuşenko və Mixail Saakaşvili, Latviyanın sabiq prezidenti Vike Vayra-Frayberqa və bir sıra dövlət və hökumətlərin sabiq başçıları mərkəzin üzvüdür.
R.Babayev