Azərbaycan Beynəlxalq Bankı (ABB) “Pensiya+” xidmətinin əhatə dairəsini genişləndirib. İndi bu xidmətdən 150-dən artıq ticarət məntəqəsində istifadə etmək mümkündür. Bu barədə bankın məlumatında qeyd edilir.
Bütün pensiya kartı sahibləri “Riyadfarm”, “Avesta Farm” və “Azəri-Med” şirkətlərinin apteklərində, “Oksigen” klinikasında, “Neptun, “Araz”, “Makromarket”, “Armo Store”, “Rahat, Favorit”, “Everest” və “Bolmart” supermarketlər şəbəkələrində nağdsız ödənişlərlə alış-veriş edə bilərlər.
Məlumatda qeyd edilir ki, hazırda bu xidmətə 20-dən artıq müəssisə qoşulub. Yaxın gələcəkdə müəssisələrin sayı daha da artırılacaq və ölkənin regionlarını da əhatə edəcək.
Bütün pensiya kartlarının sahiblərinə avtomatik olaraq 100 manat məbləğində hər ay yenilənən faizsiz kredit limiti ayrılır. Təqaüdçünün müraciəti əsasında bu məbləğ artırıla da bilər. Xidmət pulsuzdur, təqaüdçüdən heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur. Kredit limiti yalnız müəyyən ticarət müəssisələrində nağdsız alış-veriş zamanı və ya bankın bankomatları və rəsmi internet səhifəsində kommunal ödənişlərin aparılması üçün istifadə oluna bilər. Kredit limitinin istifadəsi pensiya vəsaiti tam xərcləndikdən sonra mümkündür. Yaranmış borc növbəti ayın pensiya məbləğindən avtomatik şəkildə tutulur. Borc tam ödənildikdən sonra kredit limiti yenidən aktivləşdirilir.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
A.Axundov