Monteneqronun baş naziri Milo Cukanoviç Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı konstruktiv mövqeyinin dəstəkləndiyini bəyan edir.
“Monteneqro ictimaiyyəti bu münaqişə (Qarabağ - İF-Az) barədə çox yaxşı məlumatlıdır. Qeyd etmək istərdim ki, biz Azərbaycanın bu planda yürütdüyü sülhpərvər, konstruktiv, eyni zamanda milli, məsuliyyətli və sabit siyasətinə hörmət edirik”, - deyə M.Cukanoviç “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
“Biz sabitlik və qeyri-sabitlik məsələsində bu regiona (Cənubi Qafqaz - İF-Az) bənzər regionda yaşayırıq. Bundan irəli gələrək qonşular arasında münasibətlərdə sülhə, sabitliyə və məsuliyyətə çox yüksək dəyər veririk”, - deyə Monteneqronun baş naziri əlavə edib. Onun sözlərinə görə, Monteneqro bu münaqişənin tezliklə nizamlanmasını və davamlı sabitliyin bərqərar olmasını arzu edir.
“Biz Azərbaycanın siyasətini qətiyyətlə dəstəkləyirik. Arzu edirik ki, ölkə davamlı sabitliyə, özünün və ümumilikdə bu regionun rifahına nail olmaq üçün Ermənistanla mövcud mübahisənin sülhpərvər siyasət prinsipləri əsasında və Avropa prinsiplərinə uyğun olaraq həllinə çalışsın”, - deyə M.Cukanoviç vurğulayıb.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq olar.
F.İsazadə