Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırıldı. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Nazirliyin araşdırmalarına əsasən, cari tədris ilində qeyd olunan təhsil idarəsində ciddi pozuntular aşkar edilib. Belə ki, araşdırmaların yekunlarına görə, ali təhsil müəssisəsinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilib, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilib.
Qeyd olunan faktlara əsasən, AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib və toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
Filialda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi, müəllimlərin işlə təmin edilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən İşçi Komissiyası yaradılıb.
A.Zeydullayeva