Azərbaycan Moskvada “Nurlu mələk” XI beynəlxalq xeyriyyə kinofestivalında iştirak etməyə dəvət alıb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Noyabrın 4-8-də kinofestivalın müsabiqə tamaşaları olacaq. Festival Sosial-mədəni təşəbbüslər Fondunun prezidenti, Rusiya Federasiyası hökumətinin baş nazirinin xanımı Svetlana Medvedevanın himayəçiliyi, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilin mənəvi dəstəyi ilə keçirilir. Kinofestivalın təşkilatçıları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, rejissor, rəssam Firəngiz Qurbanovanın istedadını və beynəlxalq animasiya cəmiyyətindəki nüfuzunu, misilsiz peşə təcrübəsini nəzərə alaraq onu kinofestivalda Azərbaycanı təmsil etməyə dəvət ediblər.
Bu kinofestivalın keçirilməsi hazırda cəmiyyətdə xeyirxahlığa və mərhəmətə, istedada və müdrikliyə, səmimi yumora və romantikaya, pozitivliyə və alicənablığa nə qədər böyük ehtiyac olduğunu göstərir.
“Nurlu mələk” kinofestivalı öz tamaşaçıları - böyüməkdə olan nəsillər və onların valideynləri, gənclər və yaşlı insanlar üçün məhz belə filmlər toplayır.
A.Zeydullayeva