Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə “İnterfaks” informasiya agentliyinin Direktorlar Şurasının sədri Mixail Komissarı agentliyin 25 illiyi və “İnterfaks-Din” portalının 10 illiyi münasibəti ilə təbrik edib.
“Yarandığı ilk gündən yalnız Rusiyada deyil, bütün MDB ölkələrində geniş auditoriyanın sevgisini və etimadını qazanmış “İnterfaks-Din” informasiya portalının işini yüksək qiymətləndirirəm”,- deyə A. Paşazadənin məktubunda bildirilir.
Şeyx qeyd edir ki, bu gün istər MDB, istərsə də dünya miqyasında dini həyatın mənzərəsini “İnterfaks-Din” portalının məlumat və icmalları olmadan təsəvvür etmək qeyri-mümkündür.
“Siz nüfuzlu informasiya işində peşəkarlıq, obyektivlik kimi başlıca meyarları əsas götürərək bu asan olmayan sahədə böyük uğurlar qazanmısınız. Bir din xadimi kimi, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin onları maraqlandıran məlumatlar əldə etdiyi bu portalın yaradılması ideyasını yüksək qiymətləndirirəm”,- deyə şeyx bildirib.
Onun sözlərinə görə, “İnterfaks-Din” portalı dini informasiya istehsalı sahəsində liderlik edərək cəmiyyətin ən müxtəlif təbəqələrinin, xüsusən də dindarların dini istiqamətlərinin təyin olunmasında şüur və baxışlarına təsir etmək imkanına malikdir.
“Bu gün birlik ölkələrinin müstəqillik əldə edərək tərəqqi və inkişaf yolu ilə getdiyi bir zamanda xalqlarımızın keçmişinə məxsus olan bütün yaxşı dəyərlərin qorunması çox vacibdir. Tarixi qarşılıqlı hörmət, mehriban qonşuluq və həmrəylik ənənələrinə əsaslanmış dini məkanın qorunması işində “İnterfaks-Din” portalı böyük rol oynayır. MDB Dinlərarası Şurasının həmsədri olaraq mən bu şuranın işini geniş işıqlandırdığına, eləcə də postsovet məkanında dinlərarası əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə sizin kollektivinizə minnətdaram”,- deyə şeyxin təbrik məktubunda qeyd olunur.
F.İsazadə