Milli Məclisin nümayəndələri Azərbaycanda baş verən proseslərə bəzi Avropa strukturları tərəfindən qeyri-obyektiv qiymət verilməsindən təəssüflərini bildiriblər. Bu barədə parlamentin mətbuat xidməti məlumat verir.
Çərşənbə axşamı Milli Məclisdə Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassör ilə görüşdə parlamentdə təmsil olunan siyasi partiyaların üzvləri qeyd ediblər ki, Azərbaycan ictimaiyyəti bəzi Avropa strukturlarının Azərbaycana qarşı nümayiş etdirdiyi qeyri-obyektiv mövqeyi ilə əlaqədar narahatdır.
Qeyd edilib ki, bu təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması ilə bağlı Azərbaycanın əsas probleminə ikili standartlar mövqeyindən yanaşırlar. Siyasi partiyaların nümayəndələri vurğulayıblar ki, qeyd olunan Avropa strukturları 20 ildən artıq müddətdə Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlayan Ermənistan barəsində heç bir tədbir görmürlər. Bununla əlaqədar Azərbaycan ictimaiyyəti həmin təşkilatların mövqeyini ciddi qəbul etmir.
Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan Avropa strukturları ilə sıx əməkdaşlıq edir və Avropaya inteqrasiya yolunda irəliləyir.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan deputat vurğulayıb ki, Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, onların hüquqları indiyədək bərpa edilməyib.
S.Novruzov beynəlxalq birliyin bu məsələyə laqeyd qalmasından təəssüfünü bildirib.
O qeyd edib ki, bu günlərdə Avropa Parlamenti növbəti dəfə Azərbaycana dair əsassız, qərəzli qətnamə qəbul edib. Deputat vurğulayıb ki, sənəddə bir sıra məqamlarla bağlı AŞPA-ya istinad edilir. S.Novruzovun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına baxmayaraq, dünya birliyi İrəvana qarşı heç bir tədbir görmür.
Hakim partiyanın nümayəndəsi AŞPA prezidentinin Ermənistan-Azərbaycan cəbhə xəttində həlak olmuş günahsız vətəndaşların valideynləri, həmçinin Xocalı soyqırımı qurbanlarının qohumları ilə görüşün keçirilməsinin məqsədəuyğunluğunu qeyd edib.
Öz növbəsində A.Brassör Milli Məclisdə təmsil olunan siyasi partiyaların fəaliyyətinə və iş prinsiplərinə maraq göstərdiyini söyləyib.
R.Babayev