Rəsmi Bakının müvafiq icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən Almaniya Bundestaqının deputatları Manfred Qrund və Albert Vayler bu səfəri yalnız şəxsi təşəbbüs əsasında həyata keçiriblər. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin Azərbaycanın Berlindəki səfirliyinin təqdim etdiyi notaya cavabında deyilir
Azərbaycan XİN mətbuat xidmətinin məlumatına əsasən, deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi Almaniya Federativ Respublikasının Bundestaqına məktubla, Xarici işlər Nazirliyinə isə nota ilə müraciət edib.
Notaya cavabında Almaniya XİN rəsmisi bəyan edib ki, AFR hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyi dəyişməyib və Berlin Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.
Qeyd olunub ki, Almaniya XİN daim belə səfərlərdən çəkinməyə çağırır və işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfər edənlərə qarşı Bakının prinsipial yanaşması haqqında məlumatlandıran müraciətlər edir.
Öz növbəsində Almaniya Bundestaqı səfirliyin məktubuna cavabında vurğulayıb ki, sözügedən deputatların səfəri Almaniya Bundestaqının adından həyata keçirilmiş səfər hesab edilə bilməz və səfərlə bağlı xərclər Bundestaq tərəfindən ödənilməyib.
Həm Almaniya XİN, həm də Bundestaq bu səfərin deputatların şəxsi təşəbbüsü əsasında baş tutduğunu bəyan edib.
Y.Əliyev