Azərbaycanın Parisdəki səfirliyi Fransa Senatının nümayəndəsinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı araşdırma aparır və bununla bağlı lazımi tədbirlər görəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.
“Azərbaycan Respublikasının razılığı olmadan işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında" qanununun pozulmasıdır”,- deyə XİN mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevin şərhində bildirilir.
O qeyd edir ki, Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər öz məsuliyyətlərini dərk etməlidirlər ki, onlar separatizm, etnik təmizləmə, insaniyyətə qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac verməkdə rol oynayırlar.
“Bu şəxslərin əməlləri humanizm prinsiplərinə və beynəlxalq humanitar hüquqa zidd olaraq, işğal olunmuş ərazilərdən qovulmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə və hüquqlarına qarşı hörmətsizlikdir. Özlərini millət vəkili adlandıran bu kimi şəxslər belə qeyri-humanist və hüquqa zidd əməllərinə görə öz ölkələrinin seçiciləri qarşısında daşıdıqları məsuliyyəti də dərk etməlidirlər”, - deyə H.Hacıyev vurğulayıb.
Y.Əliyev