Nikaraqua dövlət
idarəçiliyi sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır.
“Biz Azərbaycanın idarəetmə sahəsində təcrübəsindən istifadə etmək niyyətindəyik”, - deyə Nikaraqua prezidentinin şəxsi katibi, Nikaraqua hökumətinin dövlət siyasəti naziri Paul Oquist “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
“Hazırda Nikaraqua 20 il əvvəl Azərbaycanın olduğu mərhələdədir. 20 il öncə müstəqillik əldə etdikdən sonra Azərbaycan davamlı inkişaf yoluna qədəm qoyub”, - deyə P.Oquist bildirib.
Onun sözlərinə görə, Nikaraqua “bu gün inkişafının müəyyən mərhələsini yaşayan” Latın Amerikasının ikinci ən kasıb ölkəsidir.
“Yəni Azərbaycanın 20 il əvvəl etdiyini biz bu gün həyata keçirməyə başlamışıq. Nikaraqua resursların çatışmazlığı dövrünü yaşayır, bu isə iqtisadi inkişafa əngəl törədir. Misal üçün, Azərbaycanın nefti var, ondan gələn mənfəət fondda toplanır və ölkə iqtisadiyyatının inkişafı üçün səmərəli şəkildə istifadə edilir, investisiya layihələrinə yatırılır”, - deyə nazir bildirib.
“Bütün inkişaf amillərini və dövlət idarəçilik üsullarını nəzərə alaraq, biz Azərbaycanın bu istiqamətdə təcrübəsindən bəhrələnmək niyyətindəyik”, - deyə P.Oquist vurğulayıb.
F.İsazadə