ABŞ-ın Azərbaycandakı səfirliyi “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin həyata keçirdiyi ilk birbaşa uçuşu alqışlayır.
“Bu uçuşlar turizmin və yük daşımalarının inkişafına təkan verəcək və insanlar arasında münasibətləri genişləndirərək iki dövlət arasında olan dostluğu gücləndirəcək”, - deyə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Sənəddə qeyd olunur ki, ilk hava reysinin gerçəkləşməsi ABŞ və Azərbaycan hökumətlərinin bir neçə illik əməkdaşlığının zirvə nöqtəsidir.
ABŞ-ın Ticarət və İnkişaf Agentliyi Beynəlxalq Aviasiya Təşkilatının (ICAO) üzvü olan Azərbaycana aviasiya təhlükəsizliyi sahəsində texniki yardımın iki mərhələsini maliyyələşdirir. Bunun sayəsində Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycanın üzərinə düşən 8 mühüm təhlükəsizlik elementinə dair öhdəlikləri daha səmərəli yerinə yetirə bilib.
ABŞ səfirliyi qeyd edir ki, 2014-cü ilin martında isə beynəlxalq aviasiya təhlükəsizliyinin qiymətləndirilməsini uğurla keçən Azərbaycan ABŞ-ın Federal Aviasiya Administrasiyası tərəfindən aviasiya təhlükəsizliyi sahəsində 1-ci ranq kateqoriyası alıb.
AZAL və ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının son aylarda reallaşdırdığı əməkdaşlıq nəticəsində Azərbaycanın ABŞ-a birbaşa hava reyslərinın həyata keçirilməsi üçün bütün aviasiya təhlükəsizlik tələblərinə uyğun olması təmin edilib.
“Biz Azərbaycan hökumətini son bir neçə il göstərdiyi əzmkarlıq və peşəkarlıq nəticəsində əldə olunmuş uğurla təbrik edirik. ABŞ Hökuməti gələcəkdə də Azərbaycanla mülki aviasiya sahəsində işi davam etdirmək və iqtisadi əməkdaşlığı gücləndirmək ümidindədir”, - deyə səfirliyin məlumatında vurğulanır.
R.Babayev