Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası hökuməti arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Sənəd xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşü zamanı imzalanıb.
Görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir ATƏT-in baş katibinə Ermənistan-Azərbaycan münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.
Tərəflər ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinin ofisi və ofis tərəfindən təqdim olunmuş layihələr ətrafında fikir mübadiləsi aparıblar.
ATƏT-in Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən, 2014-cü il yanvarın 1-dən ATƏT-in Bakı Ofisinin statusu ATƏT-in Bakı layihə əlaqələndiricisi statusuna transformasiya olunub.
R.Babayev