Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) cümə axşamı Ağdaş rayonunda əmək yarmarkası keçirib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əmək yarmarkasında işsiz və işaxtaran vətəndaşlara 23-ü qeyri-dövlət sektoruna məxsus 39 müəssisədən 200-ə yaxın boş (vakant) iş yeri təqdim edilib. Yarmarkada 85 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib.
Həmçinin tədbir zamanı müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmaq üçün 14 nəfərin, ödənişli ictimai işlərdə çalışmaq üçün isə 13 nəfərin qeydiyyatı aparılıb.
Xatırladaq ki, sentyabrın 26-da Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər rayonlarında əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
R.Babayev