Amerikanın Nyu-York ştatında yerləşən Sirakuz Universitetində Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki mətbuat xidməti məlumat verir.
Tədbir ictimai-siyasi sahədə ən qabaqcıl təhsil müəssisəsi olan Maksvel məktəbində baş tutub.
Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev görüş iştirakçılarına Qarabağ münaqişəsi və onun ağır fəsadları, o cümlədən Xocalı soyqırımı, Ermənistan prezidenti Serj Sarqsyanın 2000-ci ildə verdiyi müsahibədə bu soyqırımın törədilməsi faktını təsdiq etməsi barədə məlumat verib.
Diplomat qeyd edib ki, belə faktlar və etirafdan sonra Ermənistan tərəfinin Xocalı soyqırımını təkzib etməsi məntiqsiz və gülünc səslənir.
Baş konsul tədbir iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı, neft strategiyası, respublikanın ABŞ, Avropa ölkələri və qonşu dövlətlərlə yaratdığı münasibətlər barədə də məlumat verib.
Y.Əliyev